Gundemxeber.az » İdman » "Məğlubiyyət həmişə yetimdir…" - AFFA-nın şöbə müdirindən "Qarabağ"a
"Qarabağ - həm də muğam deməkdir. Muğamın belə bir vacib qaydası var - ifaya hansı pərdədə başlamısansa, sonda həmin tonallıqda (və ya məyədə) yekunlaşdırmalısan".
Gundemxeber.org xəbər verir ki, bunu AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yazıb.
O, ötən gün "Qarabağ"ın "Tvente"yə məğlub olduğu oyunu belə təsvir edib: "Mövzu musiqi deyil, daha dəqiq də yazmaq olar. Yəni muğam ifasına qapıdan daxil olub, pəncərədən çıxmaq olmaz. Naşılıqdır. "Qarabağ" 12 ardıcıl qrup mərhələsinə - muğam dili ilə desək - dəstgahına "Tvente" ilə başlamışdı, "Tvente" ilə bitirdi. Usta xanəndə kimi. Başladığı pərdədə "ayaq elədi".
Həmişə “Çahargah” üstündə gəzişmək olmaz, mütəmadi olaraq səni qələbəyə səsləyən, düşmən (və ya rəqib) üzərinə qəhrəmanlıqla şığımaq üçün ruh yüksəkliyi verən “Mənsuriyyə” oxuya bilməzsən. Həyatın hər addımı “Rast” gətirməz. Bunun həzin “Bayatı-Şiraz”ı da var, ürək dağlayan “Segah”ı da.
Futbol da həyat kimidir (və yəqin ki, buna görə də çox sevilir)… Bu gün “Qarabağ” “Segah” ladında idi… Muğamın ən virtuoz ifa aləti tardır. 11 simi var - “Qarabağ”ın 12“qrup mövsümü”ndən bir ədəd əskik. Bu ilin mayında - çempionluq itiriləndə - o simlərin kökdən düşdüyü eşidildi. Bu gün “sarı sim” qırıldı.
Amma usta ifaçının əlində tarı kökləmək də, qırılan simi bərpa eləmək də çətin iş deyil. Bəli, “Qarabağ” bu gün “Segah” ladında idi. “Xaric segah oxudu”. Qrup xaricində qaldı. “Xaric segah”ın bir adı da var: Yetim segah. “Qarabağ”ın bu günü ilə daha çox səsləşir. Məğlubiyyət həmişə yetimdir…"
Gundemxeber.org
18-08-2026, 15:20
Dünən, 19:54
22-08-2026, 09:38
28-08-2015, 20:13
14-02-2018, 20:39
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?