Gundemxeber.az » GündəmXəbər » Bakı İdman Liseyində dələduzluq iddiası: İdarəetmə sistemindəki nöqsanlar və "kölgə" himayədarları
Təhsil sistemində şəffaflıq, idarəetmə prinsiplərinin gözlənilməsi və korrupsiyaya qarşı mübarizə cəmiyyətin ən həssas yanaşdığı mövzulardandır. Bu sahədə baş verən hər bir neqativ hal təkcə ayrı-ayrı şəxslərin deyil, ümumilikdə təhsilin və müəllim adının nüfuzuna kölgə salır. Təəssüf ki, son vaxtlar mətbuatda və cəmiyyətdə müzakirə olunan bəzi məsələlər bu problemlərin hələ də aktuallığını qoruduğunu göstərir. Redaksiyamıza daxil olan müraciətdə Bakı İdman Liseyində baş verdiyi iddia edilən dələduzluq faktı və Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki (BŞTİ) bəzi kadr təyinatları ilə bağlı ciddi iddialar yer alır.
İmtahan vədi ilə 5500 manatlıq dələduzluq iddiası
Daxil olan məlumata görə, Bakı İdman Liseyinin müəllimi Pünhan Pənahov liseyin direktoru Tərminə Əsədovaya arxalanaraq məzunlardan birinin valideyninə vəd verib. İddia olunur ki, həmin şəxs abituriyentin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına keçirilən qabiliyyət imtahanından müvəffəqiyyətlə keçəcəyi vədi ilə valideyndən 5500 manat pul alaraq dələduzluq edib.
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahan prosesinə kənar müdaxilənin mümkün olmadığını bilən tərəflərin vətəndaşı aldatdığı vurğulanır. Əməliyyatın baş tutmamasından sonra məsələnin üstü açılıb, ortaya səs yazıları və pul köçürmə çeklərinin çıxdığı bildirilir. Hazırda məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı və hüquqi qiymət verilməsi üçün Baş Prokuror Kamran Əliyevin xüsusi nəzarəti xahiş olunur.
Sürətli karyera yüksəlişi və "gəlin-qaynana" tandemi
Məsələnin digər diqqətçəkən tərəfi isə təhsil sistemindəki idarəetmə və qohumluq əlaqələri ilə bağlıdır. İddialara görə, Bakı İdman Liseyinin direktoru Tərminə Əsədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidlinin qaynanasıdır.
Məqalə müəllifi qeyd edir ki, Turanə Məcidlinin BŞTİ-də sektor müdiri vəzifəsindən idarə müdirinin müavini postuna yüksəlməsi vur-tut 8 ay çəkib. Elm və pedaqogika sahəsində böyük xidmətləri olmadan bu cür sürətli yüksəliş cəmiyyətdə və təhsil işçiləri arasında suallar doğurur. İddialara görə, bu yüksəlişin arxasında nüfuzlu şəxslərin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Elm və Təhsil Nazirliyinin məsul şəxslərindən Eşqi Bağırov, nazir müavini Həsən Həsənli, eləcə də Ramiz Mehdiyevin yaxın kadrlarından sayılan Məhəbbət Kazımov (qayınatası) və Məhəbbət Vəliyeva kimi simaların dəstəyi dayanır.
Kadr siyasəti və təhsilin nüfuz məsələsi
Müraciətdə BŞTİ-dəki daxili vəziyyətə də toxunulur. İddia edilir ki, müdir müavini Turanə Məcidli hazırda müdir vəzifəsini icra edən Nərminə Hüseynovanın postuna iddialıdır. İdarədəki bu cür gərginliklər, təcrübəli məktəb direktorlarına və onların müavinlərinə olunan təzyiqlər peşəkar kadrların sistemdən uzaqlaşması ilə nəticələnir. Bir çox təcrübəli pedaqoq idarəetmədəki basqılara dözməyərək işdən ayrılmaq məcburiyyətində qalır.
Eyni zamanda, məhkəmə qərarları ilə işinə bərpa olunan, lakin Humanitar Resurslar şöbəsi və rəhbərlik tərəfindən soyuq qarşılanan, yaxud adı maliyyə-rüşvət qalmaqallarında hallandığı halda sadəcə başqa məktəbə transfer edilən rəhbər şəxslərin varlığı təhsil sistemində ciddi islahatlara ehtiyac olduğunu göstərir.
Təhsil sahəsi təcrübə poliqonu və ya şəxsi maraqların təmin olunduğu yer olmamalıdır. Məktəbin və müəllimin nüfuzunun bərpa olunması üçün iddia olunan bu kimi hoqqabazlıqlara, dələduzluq faktlarına hüquqi müstəvidə obyektiv qiymət verilməli, aidiyyəti qurumlar məsələni nəzarətə götürməlidir.
Nicat Mahmudov
Gundemxeber.org
7-01-2020, 10:54
28-07-2026, 08:02
16-01-2014, 12:24
16-06-2015, 09:43
2-07-2026, 15:16
Sorğu
Yeni dizaynımız necədir?