Redaksiyamıza Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti adından daxil olan müraciətdə ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı çoxsaylı narahatedici iddialar irəli sürülür. Müraciətdə universitetdə idarəetmə, kadr siyasəti, tədris prosesi, imtahan sistemi, maliyyə şəffaflığı və akkreditasiya ilə bağlı problemlərin illərdir davam etdiyi bildirilir.
Şikayət müəlliflərinin sözlərinə görə, universitetdə artıq ikinci dəfə akkreditasiya aparılmasına baxmayaraq, yekun nəticələr hələ də ictimaiyyətə açıqlanmayıb. Onlar iddia edirlər ki, akkreditasiya zamanı müəyyən edilmiş iradların əksəriyyəti bu günədək aradan qaldırılmayıb.
Müraciətdə universitet rəhbərliyinin qapalı idarəetmə üsulu tətbiq etdiyi, əməkdaşların rəhbərliklə birbaşa görüşünün çətin olduğu vurğulanır. Müəlliflər hesab edirlər ki, universitetdə əsas problem professor-müəllim heyətində deyil, məhz idarəetmə sistemindədir.
Şikayətdə bəzi fakültə rəhbərlərinin tutduqları vəzifələrə uyğun ixtisas və elmi hazırlığa malik olmadıqları iddia olunur. Eyni zamanda, bu şəxslərlə bağlı akkreditasiya komissiyası tərəfindən iradların bildirildiyi, lakin hər hansı dəyişiklik edilmədiyi qeyd edilir.
Müraciətdə daha ağır xarakterli korrupsiya iddiaları da yer alır. Belə ki, müəlliflər bəzi rəhbər vəzifələrə təyinat və elmi-pedaqoji vəzifələrin tutulması zamanı qeyri-rəsmi ödənişlərin tələb olunduğunu iddia edirlər. Gundemxeber.com-un redaksiyasına bu iddiaların doğruluğunu müstəqil şəkildə təsdiqləyə bilməyib.
Şikayət müəllifləri bildirirlər ki, universitetdə beynəlxalq elmi jurnallarda məqalələri dərc olunan müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı ödənişlərin bölgüsündə də şəffaflıq təmin edilmir və bu vəsaitlərin ədalətli bölüşdürülmədiyi iddia olunur.
Müraciətdə semestr imtahanlarının təşkili ilə bağlı da ciddi narahatlıqlar ifadə edilir. İddialara görə, imtahanların test üsulu ilə keçirilməsi və test cavablarının əvvəlcədən tələbələrə təqdim olunması nəticəsində tələbələrin real bilik səviyyəsi obyektiv qiymətləndirilmir. Bu səbəbdən gələcək müəllim və digər mütəxəssislərin hazırlıq səviyyəsinin aşağı düşə biləcəyi bildirilir. Bu iddialar da müstəqil şəkildə təsdiqlənməyib.
Professor-müəllim heyəti universitetdə idman ixtisasları üzrə maddi-texniki bazanın zəif olmasına baxmayaraq qəbul planlarının artırıldığını, dərs yükünün azalması fonunda isə gənc müəllimlərin iş imkanlarının məhdudlaşdığını qeyd edir. Onların fikrincə, yaşlı əməkdaşların uzun müddət vəzifədə saxlanılması kadr yenilənməsinə mane olur.
Şikayətdə rektorun 07 iyul 2025-ci il tarixli 5/438 nömrəli əmri ilə bağlı da suallar qaldırılır. Müəlliflər həmin əmrin nəzərdə tutduğu kadr optimallaşdırılmasının tam icra olunmadığını və bununla bağlı qərarların seçmə prinsipi ilə tətbiq edildiyini iddia edirlər.
Müraciətdə universitet rəhbərliyinin müxtəlif dövlət qurumlarına edilən əvvəlki şikayətlərin nəticəsiz qaldığı da vurğulanır. Müəlliflər aidiyyəti dövlət orqanlarından göstərilən bütün iddiaların obyektiv, hərtərəfli və şəffaf şəkildə araşdırılmasını, qanun pozuntuları təsdiqini tapacağı halda isə qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edirlər.
Qeyd edək ki, bu yazıda yer alan məlumatlar redaksiyamıza daxil olmuş müraciətdə əks olunan iddialara əsaslanır. Redaksiya həmin iddiaların müstəqil qaydada təsdiqlənməsi istiqamətində araşdırmalarını davam etdirir. Yazıda adı çəkilən şəxslərin və Gəncə Dövlət Universitetinin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?