Gundemxeber.az » İqtisadiyyat » Fermerin 145 manatlıq sığortası 6156 manatlıq zərərini qarşıladı
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitkini, mal-qara və xırdabuynuzlu heyvanları, eləcə də akvakultura məhsullarını sığortalamaq mümkündür.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Aqrar Sığorta Fondu Kürdəmir rayonunun Ərəbxana kəndindən olan fermer Mirbala Rəhimova pambıq sahəsinə dəymiş zərərə görə 6156 manat sığorta ödənişi həyata keçirib. Fermerin 7 hektarlıq pambıq əkin sahəsinə güclü dolu və leysan yağışı nəticəsində böyük zərər dəyib. Fermerin Aqrar Sığorta Fonduna müraciətindən dərhal sonra əraziyə müstəqil aqrar sığorta eksperti yönləndirilib və əkin sahəsinə dəymiş zərər dəqiq hesablanıb. Fermer əkin sahəsindən məhsulun bir hissəsini toplaya bilsə də, digər hissəsi məhv olub.
Qiymətləndirmənin nəticəsinə əsasən, fermer Mirbala Rəhimova əkin sahəsinə dəymiş zərərə görə 6156 manat sığorta ödənişi təyin edilib və vəsait onun bank hesabına köçürülüb.
Xatırladaq ki, Azərbaycanda dövlət aqrar sığorta mexanizmi çərçivəsində sığorta haqqının 50 faizini subsidiya edir. Yəni fermer hesablanmış sığorta haqqının yalnız yarısını ödəyir, digər 50 faizini isə dövlət qarşılayır.
Qeyd edək ki, M.Rəhimov 7 hektar pambıq sahəsinin sığortalanması üçün cəmi 145 manat, yaxud hər hektara 20,7 manat sığorta haqqı ödəyib. Hadisə nəticəsində məhsulun bir hissəsinin məhv olmasına görə fermerə ödənilən 6156 manatlıq sığorta ödənişi onun ödədiyi sığorta haqqından 42 dəfədən çoxdur. Sığorta ödənişi alan fermer Mirbala Rəhimov aqrar sığorta mexanizmindən, o cümlədən Aqrar Sığorta Fondunun fəaliyyətindən razı qalıb. Fermer sığorta ödənişini aldıqdan sonra öz təşəbbüsü ilə yaşadığı Ərəbxana kəndində həmkəndliləri ilə görüş keçirərək onlara aqrar sığortanın üstünlükləri barədə məlumat verib.
M.Rəhimov həmkəndlilərini, həmkarlarını və digər fermerləri dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyə, təsərrüfatlarını sığortalamağa çağırıb.
Xatırladaq ki, pambıq Aqrar Sığorta Fondu tərəfindən ən çox sığorta ödənişi həyata keçirilən bitkilərdən biridir. İndiyədək Fond tərəfindən pambıq sahələrinə müxtəlif hadisələr nəticəsində dəymiş zərərlərə görə 2 milyon 280 min manata yaxın sığorta ödənişi həyata keçirilib və bu məbləğ hər ay artmaqdadır.
Kürdəmir rayonu da aqrar sığorta mexanizmindən ən çox faydalanan rayonlardan biridir. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən rayonda baş vermiş müxtəlif sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 355 min manat sığorta ödənişi edilib.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatlarıAqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Gundemxeber.org
10-03-2026, 18:21
21-12-2022, 10:48
30-06-2018, 11:12
21-11-2018, 11:18
14-08-2026, 13:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?