Gundemxeber.az » GündəmXəbər » Şəhid anasına qələm tuşlayanlar: Xudayarın xatirəsini kimlər, necə hədəf alır?
Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə xanıma qarşı yönəlmiş təxribat xarakterli, qərəzli materiallar diqqət çəkir. Müəyyən dairələrin və ya sifarişli qələm sahiblərinin mənəvi sərhədləri aşaraq bir şəhid anasını hədəf alması, onu ittiham etməsi və Bərdə rayonu üzərindən əsassız şayiələr dövriyyəyə buraxması heç bir mənəvi-əxlaqi çərçivəyə sığmır.
Şuşanın Cıdır düzündə, şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarda xalqın sevgisi ilə qayalara həkk olunmuş adların silinməsinə ananın etiraz etməsi tamamilə təbiidir. Bir ananın öz övladının adını gördüyü yerə sarılması və o adın silinməsinə yanması onun haqlı mənəvi hüququdur. Bunu “həyasızlıq” kimi qələmə vermək, hadisəni siyasiləşdirib şəhid anasını “məmur divara dirəyən”, “şəriət quran” kimi təqdim etmək məqsədli qaralama kampaniyasının tərkib hissəsidir.
Məqalədə istifadə olunan kəskin, təhqiramiz və qərəzli leksikon aydın göstərir ki, məqsəd sadəcə Şuşadakı qayalıqların təmizlənməsi məsələsi deyil. Şəhid anasının sosial platformalardakı və ya yerli mühitdəki fəallığını təhlükə kimi görən, onun haqlı tələblərindən narahat olan bəzi idarəçi və ya məmur təbəqəsi öz mətbu vasitələri ilə mənəvi terror həyata keçirir.
Dövlətin şəhid ailələrinə göstərdiyi diqqət, verilən ev, təyin olunan təqaüd və təltiflər şəhidin qanı ilə qazanılmış haqqıdır. Bu qayğını şəhid anasının başına qaxınc etmək, "Sənə hər şey verilib, susmalısan" məntiqilə yanaşmaq böyük mənəviyyatsızlıqdır.
Bəziləri unudur ki, Xudayar Yusifzadə adı təkcə rəsmi abidələrdə deyil, bu millətin qəlbindədir. Cıdır düzündəki qayaya yazılan o ad xalq sevgisinin təzahürü idi.
Şəhid analarına necə davranmalı olduğunu diktə edənlər, onları “itaətkar” və ya “səssiz-səmiriz” görmək istəyənlər əslində şəhidlərimizin rəşadətinə kölgə salırlar. Bir ananın övladının adına göstərdiyi həssaslığı "mənfəət güdmək" kimi qələmə vermək şəhidin xatirəsinə edilən ən böyük hörmətsizlikdir. Şəhid ailələrinə mənəvi təzyiq göstərmək, onları ictimaiyyətin gözündən salmağa çalışmaq heç bir qələm sahibinə başucalığı gətirməz. Bu millət kimin xalqın qəhrəmanı, kimin isə sifarişli yazı yazdığını çox yaxşı bilir.
Şirin Cəfəri
10-02-2021, 16:14
29-04-2021, 20:33
12-02-2025, 21:07
30-04-2021, 11:04
29-04-2021, 10:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?